2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 12 nəfərin ölümü ilə nəticələnmiş faciəvi hadisələrdən bu gün 10 il ötür.
10 il bundan əvvəl 30 aprel tarixində Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini Fərda Qədirov “Makarov” tipli tapança ilə silahlanaraq ADNA-nın korpuslarından birində 12 nəfəri qətlə yetirib, 13 nəfəri isə yaralayıb. Ölənlər arasında tələbələr, müəllimlər və digər işçilər olub. F.Qədirov polis tərəfindən mühasirəyə alındığını gördükdən sonra hadisə yerində özünü güllələyib. Xəsarət alanlardan iki nəfəri Sudan, bir nəfəri isə Suriya vətəndaşı olub.
Faktla bağlı cinayət işi başlanıb.
2010-cu il avqustun 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Azərbaycan Dövlət Neft Akademiyasında onlarla günahsız insanın güllələnməsində təqsirli bilinən şəxslər barəsində hökm çıxarıb. Gürcüstan vətəndaşları olan Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bu şəxslər Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 214 (əvvəlcədən əlbir olaraq odlu silahdan istifadə etmətlə biq qrup şəxs tərəfindən terrorizm), 120.2.4. (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 122.2. (güclü ruhi həyəcan vəziyyətində iki və ya daha artıq şəxsin öldürülməsi), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissəslərini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr, qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama) maddələri üzrə məhkum olunublar.
Cinayət işi materiallarına əsasən, təqsirləndirilən şəxslər F.Qədirovun hərəkətlərindən xəbərdar idilər.*
R.Babayev