"Embafinans BOKT" MMC aprelin 29-da 1 mln. manatlıq istiqrazın yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“İstiqrazların tədavül müddəti 365 gün, illik faiz dərəcəsi 10,5% təşkil edir. Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 1 min ədəd istiqraza bölünüb. Bütün emissiyanı istiqrazların alışı üzrə ərizə təqdim edən iki investor alıb”, - BFB-dən qeyd ediblər.
Embafinans 2012-ci ildən fəaliyyət göstərir və bu illər ərzində 150 mindən çox müştəriyə 160 mln.-a yaxın kredit verib. Nizamnamə kapitalı 10 mln. manatdır. Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi cəmi 4,5%-dir. Effektivliyinə (mənfəət/kapital nisbətinə) və kredit portfelinin problemsizliyinə görə ilk beş bankla müqayisə ediləcək səviyyədədir.
BOKT mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını əsasən də mebel şirkətlərinin məhsullarını kreditləşdirir. “Embafinans”ın hazırda 2-si Bakıda, 4-ü isə regionlarda olmaqla 6 filialı var. Bununla yanaşı Embafinans kreditlərin elektron satışı istiqamətində də böyük nailiyyətlər əldə edib. **
Ə.Məmmədov