Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) Türkiyənin ASELSAN şirkəti ilə birlikdə lazer yönləndirməli aviasiya bombası hazırlayıb. Bu barədə «Azeridefence» hərbi xəbərlər portalı Müdafiə Sənayesi Nazirliyindəki mənbəyə istinadən xəbər verir.
“Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun Türkiyənin ASELSAN şirkəti ilə birlikdə hazırladığı lazer yönləndirməli aviasiya bombasının inert versiyası sınaqlar üçün hazırdır”, - deyə məlumatda bildirilir.
Bombanın ilk prototipindən 3 ədəd hazırlanıb.
Gövdə qismi bir müddət əvvəl ASELSAN tərəfindən yaradılmış Lazer Yönləndirmə Dəsti (LGK- Lazer Güdüm Kiti) ilə uyğunlaşdırılmaq üçün Türkiyəyə göndərilib. LGK üzərində kiçik dəyişikliklər edilməklə Azərbaycan istehsalı olan aviasiya bombasına inteqrasiya olunub.
Məlumatda qeyd olunur ki, inert versiya sınaq üçün hazırdır. Bunun müəyyən edilmiş tarixdə Azərbaycanda sınaqları həyata keçiriləcək. Daha sonra sifarişdən asılı olaraq yönləndirmə dəstinin 250 kiloqramlıq qəlpəli-fuqas bombalara inteqrasiyası həyata keçiriləcək.
LGK-nin inteqrasiya edildiyi Azərbaycan istehsalı olan QFAB-250 aviasiya bombaları buraxıldığı hündürlükdən asılı olaraq 12000 metrədək məsafədə hədəfləri maksimum 10 metr sapma ilə vurmağa imkan verəcək. Bu, NATO standartlarına uyğun yaradılmış LGK yönləndirmə dəstinin sovet standartlarına uyğun aviasiya bombasına ilk inteqrasiyasıdır.*
R.Babayev