“Azərkosmos” ASC 2019-cu ilin I rübündə iki peykin kommersiya istismarından $7,6 mln. məbləğində gəlir əldə edib ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisindən 2,2 dəfə çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“Yanvar-mart aylarında “Azərkosmos” tərəfindən dünyanın 17 ölkəsinə xidmət ixrac edilib. Bu dövrdə xidmətin əsas həcmi ABŞ ($4,8 mln.), Fransa ($1,9 mln.), BƏƏ ($304 min), Almaniya ($252 min) və Böyük Britaniyaya ($212 min) ixrac edilib”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, “Azərkosmos” ASC 2018-ci ildə iki peykin kommersiya istismarından $25,6 mln. məbləğində gəlir əldə edib.
“Azərkosmos”un resurslarından istifadə edən əsas ölkələr bunlardır: Fransa, BƏƏ, Gürcüstan, Almaniya, Çin, Rusiya, Misir, CAR, Kipr, Polşa, İran, Qırğızıstan, Livan, Ukrayna, Böyük Britaniya. Ümumilikdə 20-yə yaxın ölkə ASC-nin xidmətlərindən faydalanır.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
Xəbər verildiyi kimi, 2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb. “Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
B.Rüstəmbəyov