Bakı gələcəkdə Vaşinqton ilə ikitərəfli əməkdaşlığı tərəfdaşlıq müstəvisində inkişaf etdirmək niyyətindədir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ilə görüş zamanı prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ABŞ ilə ikitərəfli əlaqələri tərəfdaşlıq müstəvisində davam etdirmək niyyətindədir”, - dövlət başçısının saytında məlumat verilir.
Prezident Bakı ilə Vaşinqton arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etdi, əlaqələrimizin siyasi, iqtisadi, ticarət, enerji, təhlükəsizlik və digər sahələrdə genişləndiyini vurğuladı.
Görüşdə ABŞ prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizi” layihəsinə göstərdiyi dəstək yüksək dəyərləndirildi.
Öz növbəsində, C.Kent ikitərəfli əlaqələrdə müsbət dinamikanı davam etdirmək məqsədilə ölkəmizə səfər etdiyini dedi. O, Azərbaycanın Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində NATO-ya üzv və tərəfdaş dövlətlər, o cümlədən ABŞ üçün təmin edilən tranzit-logistika dəstəyinə görə minnətdarlığını ifadə etdi.
“Görüşdə Azərbaycanın demokratik inkişafı, məhkəmə-hüquq sistemi və sosial-iqtisadi sahədə aparılan islahatlara dair fikir mübadiləsi aparıldı”, - məlumatda vurğulanır. **
R.Babayev