Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Atəşgah" Sığorta Şirkəti ASC-nin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə xidmət göstərmək hüququ verən lisenziyasını bərpa edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sığorta şirkətindən məlumat verilib.
“MBNP "Atəşgah" Sığorta Şirkəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlərin göstərilməsinə qoyduğu məhdudiyyəti aradan qaldırıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası aprelin 12-də "AtaSığorta" ASC və "Atəşgah" Sığorta Şirkəti ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb. ““AtaSığorta” ASC və "Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə "AtaSığorta" və "Atəşgah" Sığorta Şirkəti ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb. Şirkət sığorta haqları və ödənişlərin həcminə görə ölkənin aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Səhmdarları bir neçə hüquqi şəxsdir. Nizamnamə kapitalı 5 mln. 8,5 min manata bərabərdir.*
Ə.Məmmədov