Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası Bakıda keçirilə bilər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bu məsələ xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ilə görüşündə müzakirə olunub.
“Tərəflər iki ölkə arasında müxtəlif istiqamətlər, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələr üzrə mövcud olan əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar. Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının Bakıda keçirilməsi məsələsi müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti və xarici işlər nazirlərinin Moskvada baş tutmuş görüşü haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin tezliklə həllinin və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.*
Ə.Məmmədov