Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakının mövqeyinin dəyişmədiyini, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini qeyd edir.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır”, - deyə o, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
“Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb”, - deyə dövlət başçısı qeyd edib.
Prezident vurğulayıb ki, Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var – Ermənistan və Azərbaycan.
“Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik”, - deyə İ.Əliyev əlavə edib.*
R.Babayev