Prezident İlham Əliyev bu ilin sonuna qədər ÜDM-nin artacağını gözləyir
“İlin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq”, - deyə o, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, hesabat dövründə sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb.
“Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb”, - deyə İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, birinci rübdə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb.
“Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilib”, - deyə o əlavə edib.*
Ə.Məmmədov