Cənub Qaz Dəhlizinin (CQD) yaradılması layihəsi çərçivəsində “Cənub Qaz Dəhlizi” QSC-nin ümumi xərcləri $9,7 mlrd. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi İbrahim Əhmədov məlumat verib.
“Azərbaycan 2020-ci ilin sonunadək öz payı çərçivəsində sözügedən layihənin reallaşdırılmasına $10,1 mlrd. yatırmalıdır. İndiyədək bu məbləğin $9,7 mlrd.-ı (nəzərdə tutulan investisiyaların ümumi həcminin 96%-dən çoxu) yatırılıb”, - deyə o qeyd edib.
İ.Əhmədov onu da bildirib ki, Azərbaycanın layihədəki payını maliyyələşdirmək məqsədilə daha əvvəl cəlb edilmiş vəsaitlərin həcmi kifayət qədər olduğu üçün beynəlxalq maliyyə institutları ilə yeni vəsaitlərin cəlb olunması məsələsi ilə bağlı danışıqlar aparılmır.
“CQD-nin yaradılması layihəsi çərçivəsində indiyədək zəruri avadanlıqlarla təchizat üzrə ümumi inkişaf 92,6% təşkil edib. Trans-Anadolu qaz kəməri layihəsi üzrə ümumi inkişaf 99,6%-i, Trans-Adriatik qaz kəməri layihəsi üzrə 86,5%-i ötüb”, - deyə o qeyd edib.
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
N.Abbasova