Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İstanbulda keçirilən "IDEF-2019" sərgisi çərçivəsində bır sıra ikitərəfli görüşlər keçirib. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin məlumatında deyilir.
“Türkiyənin müdafiə sənayesi başqanı İsmayıl Dəmirlə görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib və onun inkişaf perspektivləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Sərgi çərçivəsində nazir müavini “IDEF-2019” sərgisində öz məhsullarını nümayiş etdirən Türkiyənin “ASELSAN” şirkətinin stendində olub və şirkətin nümayəndələri ilə görüşüb.
Bundan başqa, Y.Musayev Ukraynanın "Ukroboronprom" şirkətinin baş direktoru Pavlo Bukin, Pakistanın “GİDS” şirkətinin icraçı direktoru Tariq Cavaid və Cibutinin müdafiə naziri Əli Həsən Bahdon ilə görüşüb.
“IDEF-2019” sərgisi çərçivəsində Y.Musayev Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb.
Görüşdə Y.Musayev Müdafiə Sənayesi Nazirliyi adından Azərbaycan Ordusuna 50 ədəd əl qumbaraatanı hədiyyə edildiyini bildirib. Hədiyyə olunan əl qumbaraatanlarının nümunəsi Z.Həsənova təqdim olunub.
Milli paviliyonda snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsullar nümayiş etdirilir.
Sərgi aprelin 30-dan mayın 3-dək keçiriləcək.*
R.Babayev