Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoyması yeni iqtisadi inkişaf strategiyasının hazırlanmasını zəruri edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı belə hesab edir.
“2016-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı xarici şokların mənfi təsirindən uzaqlaşdı və sabitləşdi; 2017-ci ilin sonundan başlayaraq və 2018-ci ildə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xətti bərpa edildi;2019-2020-ci illər iqtisadi artımın daha yüksək pilləyə çıxması ilə, rəqabət qabiliyyətinin artırılması və dünya iqtisadiyyatına səmərəli inteqrasiyanın daha da dərinləşməsi dövrü sayılır. 2019-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatı yeni tarazlıq vəziyyətində növbəti inkişaf mərhələsinə qədəm qoyacaq. Bu da yeni inkişaf strategiyasının zəruriliyini şərtləndirir”, - deyə V.Qasımlı bildirib.
İcraçı direktor qeyd edib ki, iqtisadi artımda neft sahəsinə nisbətən qeyri-neft sahəsi, dövlət bölməsinə baxanda özəl bölmə və qeyri-ticari sektorla müqayisədə ticari sektor getdikcə drayver rolunu daha çox oynamalıdır. 2020-ci ildən başlayaraq fiskal siyasətdə yeni yanaşma tələb olunacaq.
“Azərbaycanda post-neft dövrü üçün iqtisadiyyatın əsas inkişaf drayverləri bunlardır: Qeyri-neft sənayesi; aqrar sahə; xidmət sektoru; tikinti.Artıq diversifikasiya olunmuş Azərbaycan iqtisadiyyatının şaxələnmədən ixtisaslaşmaya, sektor əsaslı yanaşmadan məhsul əsaslı yanaşmaya keçidi zərurəti yaranıb”, - deyə o vurğulayıb.*
Ə.Məmmədov