"Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına sərmayələr $140 mln. səviyyəsində qiymətləndirilir. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“Pekində keçirilən 2-ci Azərbaycan “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizi yaradılmasına dair saziş imzalanıb. Sazişi “AzerTelecom” MMC, Çinin «Huawei» və «China telecom» şirkətləri imzalayıb. Müqavilənin dəyəri $140 mln. təşkil edir”, - Ş.Mustafayev AzTV telekanalının efirində bildirib.
“AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir.
“AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edir. “Digital HUB” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir. Proqramın icrası ilə Azərbaycan “Bir Kəmər, Bir Yol” layihəsinin telekommunikasiya dəhlizinə çevriləcək. **
B.Rüstəmbəyov