Bakı Azərbaycanın ərazi bütovlüyünün NATO tərəfindən dəstəklənməsini yüksək qiymətləndirir. Bunu müdafiə naziri Zakir Həsənov deyib.
“Qeyd etmək lazımdır ki, üzvlərinin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması baxımından Alyansın tarixi müvəffəqiyyətləri, SNT ölkələri də daxil olmaqla müxtəlif tərəfdaş dövlətlərin NATO ilə əməkdaşlığının başlıca amillərindən biridir. Alyans təkcə bu prinsipləri dəstəkləməklə kifayətlənmir, həm də Avro-Atlantik təhlükəsizliyin əsası kimi onları siyasi cəhətdən müdafiə edir. Bu kontekstdə Cənubi Qafqazdakı münaqişələrin həll edilməsi istiqamətində NATO-nun nümayiş etdirdiyi qəti mövqe təqdirəlayiqdir. Azərbaycan da ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya minnətdardır”, - deyə Z.Həsənovun Müdafiə Nazirliyinin saytında dərc olunmuş məqaləsində qeyd olunur.
Onun sözlərinə görə, bölgədəki həll olunmamış münaqişələrin mövcudluğu Avropanın təkcə enerji təhlükəsizliyinə deyil, həmçinin sabitliyinə də böyük təhdid təşkil edir.
“Avropa ilə Asiya arasında yerləşən Cənubi Qafqaz, xüsusilə Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli bir regiondur. Bölgədəki həll olunmamış münaqişələrin mövcudluğu Avropanın təkcə enerji təhlükəsizliyinə deyil, həmçinin sabitliyinə də böyük təhdid təşkil edir. Bu baxımdan, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsinin tələblərinə uyğun həll edilməsi beynəlxalq ictimaiyyətin marağındadır”, - deyə nazir bildirib.
Z.Həsənov qeyd edib ki, Azərbaycan hər zaman sülh ideyalarına sadiqliyini nümayiş etdirir və müvafiq siyasəti həyata keçirməklə regional və qlobal miqyasda sabitliyin saxlanılmasını hər vəchlə dəstəkləyir.
“25 illik çoxşaxəli əməkdaşlığımız, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhə verdiyimiz töhfə və Avro-Atlantik məkanda sülhə nail olmaq istiqamətində həyata keçirdiyimiz uğurlu layihələr müvəffəqiyyətli tərəfdaşlığımızın təzahürüdür. İnanıram ki, bu günədək əməkdaşlıqda qazanılmış nailiyyətlər gələcək uğurlarımızın carçısıdır”, - deyə müdafiə naziri vurğulayıb.*
R.Babayev