“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə 1000-ə yaxın hərbçi cəlb olunub. Bu barədə Azərbaycan tərəfdən təlimin rəhbəri İlqar Lətifov məlumat verib.
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi mayın 1-də başlayıb və mayın 3-dək davam edəcək.
“Təlimə 1000-ə yaxın hərbçi, 60-a yaxın hərbi texnika, 30 artilleriya qurğusu və 20-yə yaxın döyüş helikopteri cəlb olunub”, - deyə o, jurnalistlərə bildirib.
Öz növbəsində, Türkiyə tərəfdən təlimin rəhbəri polkovnik Murad Dirik bildirib ki, Türkiyə təlimə 85 hərbçidən ibarət motoatıcı dəstə cəlb edib.
Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır.*
F.İsazadə