2018-ci ildə Azərbaycanda insan alveri ilə bağlı 140-dan çox fakt qeydə alınıb. Bu barədə daxili işlər nazirinin müavini, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov məlumat verib.
“Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb”, – deyə o, Milli Məclisin bu gün keçirilən plenar iclasında insan alverinə qarşı mübarizəyə dair illik məruzə ilə çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi xəbərə görə, V.Eyvazov qeyd edib ki, 2018-ci ildə 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib.
DİN-in hesabatında bildirilir ki, başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb.
Axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 34-ü tutulub.
2018-ci ildə müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar məqsədilə Türkiyə Respublikasına, 20-si Rusiya Federasiyasına, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si isə Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb.
Zərərçəkənlərdən 95-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib, 61-i sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına, 92-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib.
Nəticədə onlardan 32-si işlə təmin edilib,46-sı peşə kursuna göndərilib, 69-u ailələrinə qaytarılıb, eləcə də hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 25 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 16-nın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında köməklik edilib.
Hesabat səs çoxluğu ilə qəbul edilib.*
R.Babayev