2019-cu ilin yanvar-mart aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 0,4% - 8 mlrd. 339,1 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 3,7% - 5 mlrd. 41,7 mln. manatadək və ya bütün əmanətlərin 60,5%-i səviyyəsində azalıb (2018-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 62,48% təşkil edib).
2019-cu ilin yanvar-mart aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 4,9% - 3 mlrd. 297,4 mln. manatadək (bütün əmanətlərin 39,5%-i) artıb.
31 mart 2019-cu il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 mlrd. 732,4 mln. manat, qeyri-rezidentlərin – 606,7 mln. manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 1,6% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 20,6% azalıb.
Aprelin 1-nə banklarda əmanət və depozitlərin həcmi 22 mlrd. 124,3 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 1,2% çoxdur.*
Ə.Məmmədov