Rəsmi Bakı Şimali AtlantikaAlyansı ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edir.
“Azərbaycan Avro-Atlantika ərazisində və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin qorunması məqsədilə Sülh naminə Tərəfdaşlıq çərçivəsində əldə etdiyi nailiyyətlərə əsaslanaraq və onun prinsiplərinə və məqsədlərinə uyğun olaraq, NATO ilə işləməyə davam etməkdə qətiyyətlidir", - Xarici İşlər Nazirliyinin Bakının NATO ilə əməkdaşlığının 25 illiyinə dair bəyanatında deyilir.
XİN qeyd edir ki, NATO ilə əməkdaşlıq Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən biridir.
“Azərbaycan NATO ilə tərəfdaşlığını bütün Avro-Atlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə töhfə vermək vasitəsi kimi görür”, - nazirlik bildirir.
Rəsmi Bakı qeyd edir ki, Azərbaycan və NATO sülhməramlı əməliyyatlar sahəsində möhkəm tərəfdaşlığa malikdir.
“Azərbaycan NATO-nun rəhbərlik etdiyi və BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara ilk töhfə verən ölkələrdəndir. Hal-hazırda Azərbaycan Əfqanıstanda NATO missiyasına ordu birləşmələri ilə töhfə verir və missiyaya dəstək olaraq özünün hava məkanından və yerüstü kommunikasiya xəttlərindən istifadəyə imkan yaradır. Azərbaycan, həmçinin əfqan təhlükəsizlik qüvvələrinin təliminə mühüm maliyyə dəstəyini təmin edir”, - XİN vurğulayır.
Bakı NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ilə bağlı müntəzəm siyasi dialoqa böyük önəm verir və Alyans ilə müxtəlif məsələlər, xüsusilə də sülhməramlı əməliyyatlar və müdafiə islahatları üzrə praktiki əməkdaşlığı yüksək dəyərləndirir.
Azərbaycan NATO müttəfiq ölkələri tərəfindən tərəfdaşlığımızın başlanğıcından bəri zirvə bəyannamələrində qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə və münaqişənin məhz bu prinsiplər əsasında həllinə davamlı dəstək nümayiş olunmasını alqışlayır. **
R.Babayev