Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bu gün Slovakiyaya işgüzar səfərə gedəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
“M.Məmməd-Quliyev Vışeqrad Qrupunun və Şərq Tərəfdaşlığı ölkələrinin, eləcə də Avropa İttifaqının tərəfdaş ölkələrinin görüşündə iştirak etmək üçün Bratislavaya işgüzar səfər edəcək”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Vışeqrad Qrupuna Polşa, Çexiya, Slovakiya və Macarıstan daxildir. Bu ölkələr 2004-cü ildə Avropa İttifaqına üzv olub.
Şərq Tərəfdaşlığı – Avropa İttifaqının keçmiş Sovet ölkələrinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) Aİ iqtisadiyyatına geniş inteqrasiyasına və onlara ayrılan maliyyə yardımının həcminin artırılmasına yönəldilmiş təşəbbüsüdür.*
F.İsazadə