“Rusiya Dəmir Yolları” (RDY) ASC və “Azərbaycan Dəmir Yolları” (ADY) QSC arasında əməkdaşlığın inkişafına dair memorandum imzalanıb. Bu barədə RDY-nin məlumatında deyilir.
Sənədi bu gün “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov və ADY sədri Cavid Qurbanov imzalayıblar.
“Memorandum Avrasiyadakı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və istismarı, o cümlədən xarici iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də tranzit və ixrac-idxal daşımaları üçün optimal nəqliyyat şəraitinin təmin edilməsi məqsədilə uzlaşdırılmış siyasət həyata keçirilməsinə yönəlib”, - deyə məlumatda qeyd olunur.
Tərəflər dəmir yolu sahəsində əməkdaşlığı, o cümlədən milli dəmir yolu şirkətlərinin nəqliyyat və tranzit potensialının artırılmasını, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa marşrutları, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun infrastrukturu vasitəsilə Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə yük daşımalarının artmasına kömək edəcək tədbirlərin birgə həyata keçirilməsi yolu ilə inkişaf etdirmək niyyətindədirlər.
Bundan əlavə, ADY ilə RDY “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutuna və digər marşrutlara konteyner qatarları ilə daşımalar üçün əlavə yüklərin cəlb edilməsi barədə razılığa gəlib.
“Şirkətlər öz səylərini Şərq-Qərb istiqamətində tranzit daşımalarının inkişafına, ilk növbədə, Azərbaycanla Çin, eləcə də Çin və digər ölkələr arasında daşımaların Rusiya və Azərbaycan üzərindən həyata keçirilməsinə yönəldəcəklər”, - deyə məlumatda vurğulanır.
Eyni zamanda, yüklərin çatdırılma vaxtını azaltmaq üçün sərhəd və gömrük prosedurlarının optimallaşdırılması, o cümlədən elektron məlumat mübadiləsi və elektron şəkildə ilkin məlumatlandırma üzrə işlərin həyata keçirilməsi planlaşdırılır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində və digər marşrutlarda perspektiv daşıma həcmlərini nəzərə alaraq, Samur-Yalama sərhəd keçidinin buraxma qabiliyyətininin artırılması üçün infrastrukturun razılaşdırılmış şəkildə inkişaf etdirilməsi də nəzərdə tutulur.*
A.Əzizov