Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib.
“Əziz həmvətənlər. Sizi Ramazan ayının – orucluq və mənəvi yenilənmə, düşünmək və dua etmək, bağışlamaq və mərhəmət ayının başlanması münasibətilə təbrik edirəm. Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəcib və xeyirxah işlər dövrüdür”, - təbrik məktubunda deyilir. Bu barədə I vitse-prezidentin katibliyindən məlumat verilir.
M.Əliyeva vurğulayıb ki, Azərbaycanda çoxəsrlik tarixi olan mənəvi ənənələrə hörmətlə yanaşılır. “Bu ənənələrin əxlaqi və etik əsasları dəyişməz qalır. Çünki yaxınlarına qayğı, xeyirxahlıq və mərhəmət bütün dövrlərdə yüksək qiymətləndirilib”, - o qeyd edib.
I vitse-prezident əmindir ki, Ramazan ayı birlik və həmrəylik, hörmət və qarşılıqlı anlaşma dövrü olacaq. “Qoy Ulu Tanrı bu müqəddəs günlərdə sizin bütün dualarınızı eşitsin və qəbul etsin. Sizə sülh, xoş günlər, səadət və rifah arzulayıram”, - təbrik məktubunda vurğulanır. **
R.Babayev