Bakı Minsklə hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Bunu Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, N.Sadıkov bu gün Bakıda Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevi qəbul edib.
“Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Hərbi-texniki və hərbi təhsil sahələrində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial mövcuddur”, - deyə o bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan N.Sadıkov xatırladıb ki, uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Bu münaqişə regional sabitliyə əsas təhlükədir.
“Əminik ki, Belarus Respublikası həmişə olduğu kimi bundan sonra da bu münaqişənin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək”, - deyə N.Sadıkov qeyd edib.
O.Belokonev Azərbaycan-Belarus münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
“Qonaq Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb”, - deyə məlumatda vurğulanır.
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərin təşkili, iki ölkənin Ordu bölmələrinin iştirakı ilə təlimlərin keçirilməsi və maraq doğuran digər məsələlər müzakirə edilib.*
F.İsazadə