İqtisadiyyat naziri Şahin Mustafayev ilə Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenayın görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və Əfqanıstan arasında iqtisadi-ticarət sahəsində 15-dən çox sənəd imzalanıb.
“Azərbaycanda xidmət, sənaye və nəqliyyat sahələrində 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib. 2018-ci ildə ticarət dövriyyəsi 37%, 2019-cu ilin birinci rübündə isə 46% artıb”, – deyə nazir bildirib.
O, ticarət əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanların olduğunu və birgə sərgilərin, biznes-forumların təşkilinin bu sahədə əməkdaşlığı daha da genişləndirə biləcəyini diqqətə çatdırıb.
Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini vurğulayan Ş.Mustafayev Əfqanıstanın ölkəmizin tranzit potensialından istifadə edə biləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, Aşqabadda keçirilmiş Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) Lapis-Lazuli marşrutu üzrə müqavilə imzalanıb. Bu layihənin həyata keçirilməsi nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.*
B.Rüstəmbəyov