2019-cu ilin birinci rübündə Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 201 mln. 174,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,2% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 129 mln. 947,5 min manat (azalma 17,3%) və ya bazar üzrə bütün sığorta haqlarının 64,6%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 38 mln. 516,7 min manat, qeyri-həyat sığortası üzrə sığorta haqları 91 mln. 430,8 min manat təşkil edib.
Yanvar-mart aylarında icbari sığorta növləri üzrə sığorta haqları 71 mln. 226,6 min manat (artım 97,5%) təşkil edib.
Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (56,92 mln. manat), həyatın yaşam sığortası (29 mln. 55,1 min manat) və AVSMMİS (20 mln. 178,7 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar.
Birinci rüb ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 46 mln. 234,4 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 23,3% azdır.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 29 mln. 912,1 min manat (azalma 32,7%) və ya bazar üzrə bütün ödənişlərin 64,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 15 mln. 170,1 min manat, qeyri-həyat sığortası üzrə ödənişlər 14,742 mln. manat məbləğində olub.
Yanvar-mart aylarında icbari sığorta növləri üzrə ödənişlər 16 mln. 322,3 min manat (artım 2,9%) təşkil edib.
2019-cu il aprel ayının əvvəlinə Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.**
Ə.Məmmədov