Bakı Dünya Neft Şurasının (WPC) 24-cü Dünya Neft Konqresinə ev sahibliyi etmək iddiasındadır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Azərbaycan hələ SSRİ dövründən dünya neft sənayesinin fəal iştirakçısıdır. İndiyədək ölkədə 2 mlrd. 58 mln. ton neft, bunun 746 mln. tonu isə müstəqilliyin bərpasından sonra hasil edilib. İndi Bakı WPC-nin 24-cü Dünya Neft Konqresinin keçirilməsi üçün namizədliyini irəli sürüb”, – deyə o, bu gün Bakıda Azərbaycan Milli Neft Komitəsinin iclasında bildirib.
Energetika nazirinin müavini Elnur Soltanov isə qeyd edib ki, WPC-nin 24-cü Dünya Neft Konqresinə ev sahibliyi edəcək ölkə bu ilin iyun ayında Sankt-Peterburqda baş tutacaq gizli səsvermə yolu ilə müəyyən ediləcək. Onun sözlərinə görə, konqresin keçirilməsi ilə bağlı Azərbaycanın rəqibləri Kanada, BƏƏ, Argentina və Qazaxıstandır.
“Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyi 2005-ci ildə təsis edilib və həmin il Yohannesburqda keçirilən konqresdə WPC-nin üzvü olub.
WPC – BMT yanında akkreditə olunmuş qeyri-kommersiya təşkilatıdır və 1933-cü ildə Londonda təsis edilib. Konqres neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. 65 üzv ölkəni birləşdirən WPC dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir.*
N.Abbasova