Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsinin icrasına dair sənədlər paketi imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə IFC-dən məlumat verilib.
Xüsusilə İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığa dair 3 saziş imzalanıb.
Bundan başqa, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə 3 Anlaşma Memorandumu imzalanıb.
Sənədlər lisenziyalaşdırma və yoxlamaların aparılması qaydalarını sadələşdirməyə, eləcə də Azərbaycan hökumətinə birbaşa xarici investisiyaların cəlbi siyasətini icra etməyə yardım edəcək.
Layihə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Avstriyanın Maliyyə Nazirliyi tərəfindən maliyyələdiriləcək. Layihə üzrə tədbirlərin 2020-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Layihənin dəyəri açıqlanmır.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Korporasiya Azərbaycanda 56 uzunmüddətli layihənin maliyyələşdirilməsinə $473 mln. yönəldib. Bundan başqa, İFC bu layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından $73 mln. vəsaitin cəlb olunmasına yardım edib. Korporasiya, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə $250 mln, ticarət dövriyyəsinin dəstəklənməsinə isə təxminən $100 mln. ayırıb.*
B.Rüstəmbəyov