Sahibkarlığın İnkişafı Fondu (SİF) 2019-cu ilin əvvəlindən sahibkarlara ümumilikdə 37 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Bu ilin ötən dövründə 345 sahibkarın ümumi dəyəri 98,6 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 37 mln. manat güzəştli kredit verilib. Verilən güzəştli kreditlərin 65%-i aqrar sektorun, 35%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına yönəldilib”, - deyə məlumatda bildirilir.
Bu gün Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 27 sahibkara 1,5 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 70 iş yerinin açılmasına imkan yaradacaq. Verilən kreditlər heyvandarlıq, quşçuluq, müasir istixanaların tikintisi sahəsində layihələrin reallaşdırılmasına yönəldiləcək.
İndiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2700-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 204,1 mln. manat güzəştli kredit ayrılıb.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov