“İsrafil Hüseynov" borudüzən gəmisində baş vermiş partlayış nəticəsində yaralanan 14 nəfərdən 7 nəfər Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
“İsrafil Hüseynov”da xəsarət alan 7 nəfər Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində müalicə keçir. Onlardan 3 nəfərin vəziyyəti kritikdir, daha 4 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir”, - nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 14 nəfərdən daha 7 nəfər palatalara köçürülüb.
Xəbər verildiyi kimi, mayın 8-də təqribən saat 18:30 radələrində “İsrafil Hüseynov” borudüzən gəmisində yanğınla nəticələnən partlayış baş verib. İnsident zamanı xarici ölkə vətəndaşları daxil olmaqla 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
İlkin ehtimala əsasən, partlayış gəmidə texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı baş verib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisi “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb.
Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. **
R.Babayev