Dağlıq Qarabağın azərbaycanlı icması münaqişə ilə bağlı BMT-nin baş katibi Antonio Quterrişə müraciət ünvanlayacaq.
Müraciət icmanın iclasında qəbul edilib və “Ümumqafqaz Evi” qeyri-hökumət beynəlxalq sülhməramlı təşkilatı ilə birgə imzalanıb.
"1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr hələ də yerinə yetirilməyib və bu, beynəlxalq hüquqin kobud şəkildə pozulması deməkdir. Münaqişə dondurulmuş deyil, uzadılmış münaqişədir. Cəbhədə hər gün qarşıdurmalar olur. Münaqişənin həlli labüddür”, - deyə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bu gün iclasda bildirib.
“Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Yalnız ondan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icması birgə yaşaya bilər. Biz Azərbaycanın suverenliyini tanıyan mülki ermənilərlə birgə yaşaya bilərik. Erməni əsgərinin bizim torpaqlarda yeri yoxdur", - deyə T.Gəncəliyev vurğulayıb.
O, təəssüflə bildirib ki, Xocalı faciəsinin iştirakçısı olmuş Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hələ də azadlıqdadır.
"Təhlükəli tendensiya mövcuddur. Ədalət yerinə sülh tələb edirlər. Bir daha bəyan edirik ki, sülh təşəbbüsünü Azərbaycan irəli sürüb. Əgər maraqlı qüvvələr bu təşəbbüsü qəbul etməsə, bizim başqa imkanlarımız da var. Azərbaycan ordusu güclüdür, ölkə iqtisadiyyatı inkişaf edir və güclənir. Münaqişəni başqa yollarla həll etmək üçün bütün imkanlarımız var", - deyə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov vurğulayıb.*
F.İsazadə