Gələn həftə iki ölkənin Xarici Işlər nazirliklərinin nümayəndələri Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası məsələsini müzakirə edəcəklər. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
“Gələn həftə xarici işlər nazirilərinin müavinləri səviyyəsində Azərbaycan-Gürcüstan məsləhətləşmələri keçiriləcək. Məsləhətləşmələr zamanı gündəlik və birgə komissiyanın (delimitasiya və demarkasiya üzrə) iclasının növbəti tarixi müzakirə olunacaq”, - X.Xələfov cümə günü jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə dövlət komissiyaları səviyyəsində sonuncu görüş 2011-ci ildə Bakıda keçirilib. Bundan əlavə, 2015-ci ildə Gürcüstanda və 2017-ci ildə Azərbaycanda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ekspertlər səviyyəsində məsləhətləşmələr keçirilib.
Gürcüstan mətbuatının məlumatına görə, 1995-ci ildən etibarən delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində Azərbaycan-Gürcüstan dövlət sərhədinin 66%-i razılaşdırılıb və qalan seqmentlərin razılaşırılması üçün danışıqlar davam edir.
Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası məsələsi Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Salome Zurabişvili arasında fevralın 27-də Bakıda baş tutmuş danışıqlar zamanı canlanıb.**
R.Babayev