SSRİ və Azərbaycanın veteran kəşfiyyatçısı və əks-kəşfiyyatçısı, “Alyans” Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları Birliyinin sədri, əfsanəvi kəşfiyyatçı Şamil Süleymanov TELLMANN SHOW-ya video-müsahibə verib.
Müsahibə Azərbaycanın təhlükəsizlik orqanlarının 100 illik yubileyinə həsr olunub. İstefada olan polkovnik Şamil Süleymanov öz uşaqlıq və Böyük Vətən müharibəsi illərindən, SSR DTK əməliyyat müvəkkilindən başlamış Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat İdarəsinin rəisi olanadək bütün xidməti karyerası barədə məlumat vermişdir. Veteran Azərbaycanın xüsusi xidmət orqanları tarixinə qızıl hərflərlə yazılmış bəzi uğurlu əməliyyatların maraqlı məqamları barədə danışıb.
Müsahibədə əsas diqqət Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ölkənin təhlükəsizlik orqanlarının inkişafındakı roluna yetirilib. “Heydər Əliyev sədr kimi Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti üçün böyük işlər görüb. O, DTK-də xidmət edən azərbaycanlıların sayının getdikcə artmasına nail olub. Əvvəlcə Azərbaycan kontingenti təxminən 35-40 faiz idisə, artıq ikinci il bu göstərici 60-65 faizə artırıldı. Bu, inanılmaz uğur idi”, - deyə Şamil Süleymanov söyləyib.
Müsahibimiz hələ Azərbaycan SSR DTK-nin 2-ci əks-kəşfiyyat şöbəsinin rəisi olarkən Heydər Əliyevin ayda iki dəfə potensialına inandığı gənc əməkdaşlarla seminar məşğələ keçirməsindən danışıb. Sonradan bu kadrların əksəriyyəti SSSR-in kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində mühüm rol oynayıb, müstəqil Azərbaycanın təhlükəsizliyinin inkişafında və möhkəmlənməsində fəal iştirak ediblər.
“Heydər Əliyev o qədər xeyirxah işlər görüb ki, sadalamaqla bitməz... O, əməkdaşları yüksək qiymətləndirir, onlara düzgün təyinat və istiqamət verirdi... Andropov, Brejnev Heydər Əliyevə hörmət edir, onun Moskvaya istənilən xahişi, müraciəti dərhal həll olunurdu”, - deyə istefada olan polkovnik qeyd edib.
Video-müsahibəni https://www.youtube.com/watch?v=eAPHiIMT3pc linki vasitəsilə izləyə bilərsiniz.
TELLMANN SHOW-nun müəllifi və rəhbəri Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir. TELLMANN SHOW Gate 25-in iştirakı ilə Caspian European Club və “Narimanfilm” kinostudiyasının birgə layihəsidir.