Rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş Dağlıq Qarabağa səfərini destruktiv addım hesab edir.
“N.Paşinyanın Dağlıq Qarabağa səfəri beynəlxalq hüququn pozulmasıdır”, - deyə xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin belə hərəkətləri mahiyyət etibarilə, münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların gedişinə göstərilən təzyiqdir.
“Bu səfərləri qınayırıq. Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma, təəssüf ki, beynəlxalq münasibətlərdə tətbiq edilən standartlar imkan vermir ki, hər tərəf öz adı ilə çağırılsın. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində beynəlxalq normaları pozur”, - deyə nazir müavini vurğulayıb.
O deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edirlər ki, tərəfləri bir-birinə yaxınlaşdırsınlar və danışıqlar prosesi aparılsın. “Belə bir məqamda Paşinyanın səfəri başadüşülən deyil və danışıqlar prosesi baxımından destruktiv addımdır”, – deyə X.Xələfov vurğulayıb.*
R.Babayev