Dövlət Turizm Agentliyi (DTA) digər dövlət orqanları ilə, xüsusilə Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsinə və ölkəyə gələcək xarici qonaqlar və turistlər üçün əlverişli şəraitin yaradılmasına tam hazır olduğunu bildirir.
"Bakı UEFA Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsinə tam hazırdır. Final oyununa hazılıq tam sürətlə gedir", - deyə DTA-nın məlumatında bildirilir.
Qeyd edilir ki, AZAL tərəfindən 29 və 30 may tarixlərində həyata keçiriləcək birbaşa London-Bakı-London uçuşlarından başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reysi təşkil olunacaq. Bundan başqa, AZAL-la klublar arasında əldə olunan razılığa əsasən əlavə çarter reyslərinin də təşkil olunması istiqamətində danışıqlar aparılır.
“Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellərin mövcudluğu xarici qonaqların yarış ərəfəsində rahatlığını təmin edəcək. Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb”, - deyə məlumatda vurğulanır.
Azərbaycanın dövlət strukturlarının məlumatına görə, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununu 30-35 min azarkeşin izləyəcəyi gözlənilir.*
R.Babayev