Baş Prokurorluq mayın 10-da Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfərin ölümü ilə bağlı cinayət işinin qaldırılması barədə məlumat yayıb.
“Qəza ilə əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb”, - deyə məlumatda bildirilir.
İş üzrə “İveco” markalı yük avtomobilinin sürücüsü İlham Həsənov saxlanılıb. Məlumata görə, o, qəzanı törətdikdən sonra hadisə yerindən qaçmışdı.
Xəbər verildiyi kimi, mayın 10-da Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində çoxsaylı insan tələfatı ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində minik maşınında olan 4 kişi və 1 qadın ölüb.*
R.Babayev