2019-cu ilin aprel ayında Azərbaycan üzrə gündəlik neft hasilatı 683 min barrel (cari ilin mart ayında 798 min barrel) olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Cari ilin aprel ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 683 min barrel olub. Bunun 605 min barrelini xam neft, 78 min barrelini kondensat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Aprel ayında gündəlik 390 min barrel xam neft (martda 586 min barrel), 75 min barrel kondensat, 19 min barrel isə neft məhsulları ixrac olunub.
“Energetika Nazirliyi aprel ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-aprel aylarında orta gündəlik neft hasilatı 770 min barrel təşkil edib.
“Azərbaycan OPEC+ razılaşması çərçivəsində götürdüyü öhdəliyi tam yerinə yetirir”, - deyə məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, 2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. Yeni qərar çərçivəsində Azərbaycan 2019-cu ildən etibarən gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisinə nisbətən 20 min barrel - 776 min barrelədək azaltmalıdır.
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.*
A.Əzizov