2019-cu ildə “Şahdəniz” yatağından qaz hasilatı 17 mlrd. 389 mln. kubmetr təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a neft-qaz bazarındakı mənbə məlumat verib.
2019-cu ildə “Şahdəniz” yatağından 17 mlrd. 389 mln. kubmetr qaz hasil olunacaq. Cari il ölkə üzrə ümumi qaz hasilatı 36 mlrd. 298,8 mln. kubmetr həcmində proqnozlaşdırılır”, - mənbə qeyd edib.
Öncə “BP-Azerbaijan” şirkəti məlumat verib ki, 2018-ci ildə “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz hasil edib. Beləliklə, 2019-cu ildə bu yataqdan qaz hasilatı 51,3% artacaq.
Dövlət Statistika Komitəsindən məlumat verilib ki, 2018-ci ildə Azərbaycanda qaz hasilatı 30 mlrd. 592,2 mln. kubmetr təşkil edib. Beləliklə, 2019-cu ilin yekunları üzrə qaz hasilatının 18,6% artımı proqnozlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib.
“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. **
N.Abbasova