“Unibank” aprelin 22-dən problemli kreditlər üzrə 37 mln. manatdan artıq kompensasiya ödəyib. Bu barədə bankın pərakəndə biznes üzrə direktoru Heybət Qədirov məlumat verib.
““Unibank”ın filialları kompensasiyanın verildiyi ilk gündən - 22 apreldən başlayaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gün ərzində daha çox müştəriyə xidmət etmək üçün əlavə olaraq iki şöbə də müştərilərin xidmətinə təqdim edilib. Proses başlayandan bu günə qədər bank tərəfindən 43 mindən çox müştəriyə 37 mln. manatdan çox kompensasiya verilib”, - deyə o, bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Direktorun sözlərinə görə, bu proses mayın sonunda başa çatdırılacaq.
Prezident İlham Əliyev fevral ayının 28-də fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanda fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin fevralın 28-nə olan məzənnəyə (1,7 manat/$1) uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulub. Əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilib: 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları); 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları).
Fərmana əsasən Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682 mln. manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir.
Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.
Palatanın məlumatına görə, 602,437 min nəfərə kompensasiya ödəniləcək.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (44,4748%), Eldar Qəribov (41,9091%), fiziki (6,0157%) və hüquqi şəxslərdir (7,6004%). Bankın nizamnamə kapitalı 125 mln. 686 min 355,68 manata bərabərdir hər birinin nominal dəyəri 2,72 manat olan 46 mln. 208,219 min ədəd səhmə bölünüb.*
A.Əzizov