2019-cu ilin I rübündə Azərbaycanda orta illik baza inflyasiya 2018-ci ilin sonuna qeydə alınmış 1,8%-ə qarşı 2,6% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2019-cu ilin yanvar-mart aylarında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2018-ci ilin sonuna olan 1,8%-ə qarşı 2,6% təşkil edib”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-mart aylarında inflyasiyanın hesablanması üçün istifadə olunan 520 adda mal və xidmətdən 142-nin qiyməti azalıb, 90-nın qiyməti isə dəyişməz qalıb. Beləliklə, 288 adda mal və xidmət növünün qiymətlərində artım müşahidə olunub", - deyə məlumatda vurğulanır.
AMB hesabat dövründə 4,25 min ev təsərrüfatı arasında inflyasiya gözləntiləri ilə bağlı sorğu keçirib. “Sorğunun nəticələrinə görə, 44% respondent hesab edir ki, növbəti 12 ay ərzində inflyasiya templəri qalacaq, 34,4% respondent qiymətlərin daha ləng artacağı, 15,7% respondent istehlak qiymətlərinin cari səviyyədə qalacağı, 2,6% respondent isə inflyasının azalacağı qənaətindədir”, - deyə bankdan bildiriblər.
Mərkəzi Bankın proqnozlarına görə, Azərbaycanda qiymət artımı 4 +/-2% səviyyəsində olacaq. Beynəlxalq maliyyə təşkilatlarının qiymətləndirmələrinə görə isə respublikada inflyasiya aşağı birrəqəmli səviyyədə olacaq.*
B.Rüstəmbəyov