“BP-Azerbaijan” şirkəti 2019-cu ilin I rübündə “Şahdəniz” yatağından 4,3 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisindən 59,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2019-cu ilin birinci rübündə həmçinin yataqdan 1 mln. ton kondensat (artım 66,6%) hasil olunub.
“Hazırda “Şahdəniz” yatağında mövcud hasilat sistemlərinin gücü ildə 20 mlrd. kubmetr və ya sutkada 56 mln. kubmetr qaz təşkil edir”, - şirkətdən qeyd ediblər.
Məlumata görə, 2019-cu ilin birinci rübündə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $458 mln. (2018-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə azalma 14,9% - İF-Az) təşkil edib. Bunun $191 mln.-u istismar, $267 mln.-u isə əsaslı xərclərin payına düşüb. Əsaslı xərclərin əsas həcmi “Mərhələ-2”nin reallaşdırılması istiqamətində işlərlə bağlı olub.
2019-cu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri Magistralı (CQBKM və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 30 mln. kubmetr qaz nəql olunub. Bu dövrdə boru kəməri magistralına xidmət göstərilməsi üzrə əsaslı xərclər $17 mln., istismar xərcləri $9 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə hökumət “Şahdəniz” yatağından 17 mlrd. 389 mln. kubmetr qaz hasilatı proqnozlaşdırır.
2018-ci ildə “BP-Azerbaijan” “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton kondensat hasil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Alfa” və “Bravo” platformalarından həyata keçirilir.**
N.Abbasova