Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “AXA Mbask” şirkətinin sığorta sektorunda lisenziyasının qüvvəsini məhdudlaşdırıb.
“MBNP-nin İdarə Heyəti "AXA MBASK" Sığorta Şirkəti ASC-nin müraciəti əsasında ASC-yə "Daşınmaz əmlakın icbari sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" və "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə "AXA MBASK" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsini məhdudlaşdırıb”, - deyə məlumatda bildirilir.
Fransanın “AXA” sığorta qrupu cari ilin aprel ayında Azərbaycandakı törəməsi "AXA Mbask” sığorta şirkətinin fəaliyyətinin dayandırıldığını elan edib. "AXA Mbask" sığorta şirkətinin azərbaycanlı iş adamı Elxan Qəribliyə satılması ilə bağlı 2018-ci ildə imzalanmış saziş qüvvədən düşüb. "AXA Mbask" yeni sığorta müqavilələrinin bağlanılmasını dayandırıb və bundan sonra Azərbaycandakı mövcud müştərilərinin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə, mümkün olan müddətdə ölkədəki fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək.
2018-ci ildə “AXA” azərbaycanlı iş adamı Elxan Qəribli ilə Azərbaycandakı əməliyyatlarının satışına dair saziş imzalayıb. Sazişin şərtlərinə görə, Elxan Qəribli "AXA Mbask" şirkətinin səhmlərinə 100% sahib olmalı idi. Sövdələşmənin bir neçə ay ərzində başa çatdırılması nəzərdə tutulurdu.
“AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb. Şirkət yığılan sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin onluğuna daxildir. Şirkətin yeganə səhmdarı “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkətidir. Nizamnamə kapitalı 23 mln. 933,828 min manata bərabərdir.
2018-ci ildə “AXA Mbask”ın sığorta haqları 18 mln. 600,7 min manat, ödənişləri 9 mln. 562,6 min manat təşkil edib.*
A.Əzizov