Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında qısa söhbətin baş tutduğunu təsdiq edib.
Söhbət “Şərq Tərəfdaşlığı” Proqramı sammiti çərçivəsində keçirilib.
“Bəli, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında qısa söhbət baş tutub”, - H.Hacıyev “İnterfaks-Azərbaycan”a bildirib.
O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinə toxunub. “Münaqişənin əsas səbəbi Ermənistanın işğalçı siyasətidir. Ermənistan işğala (Azərbaycan torpaqlarının - İF) son qoyduğu zaman münaqişə öz həllini tapacaq, sülh təmin olunacaq”, - H.Hacıyev bəyan edib.
O vurğulayıb ki, “danışıqlar prosesində iki iştirakçı var – Ermənistan və Azərbaycan”. “Münaqişənin həlli üçün sadəcə Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”, - H.Hacıyev əlavə edib.
Öncə N.Paşinyan çərşənbə axşamı bəyan edib ki, Qarabağ münaqişəsinin həll olunmamasının əsas əngəli Dağlıq Qarabağla danışıqlar aparmaq istəməyən Bakının mövqeyidir. Eyni zamanda, baş nazir danışıqların davam edəcəyinə əminlik ifadə edib. **
F.İsazadə