Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məhsulları Minsk şəhərində keçiriləcək “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisində nümayiş etdiriləcək. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
““MILEX-2019” sərgisində əsasən ixrac yönümlü məhsulları - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları və s. nümayiş etdiriləcək”, - deyə məlumatda bildirilir.
Sərgi çərçivəsində nazir müavini Yəhya Musayev Belarusun dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə, həmçinin Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid Hüseynovun rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti də iştirak edəcək. “Bundan başqa, Azərbaycan nümayəndə heyəti Hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə “MILEX INNOVATIONS-2019” 8-ci beynəlxalq elmi konfransda iştirak edəcək”, - deyə məlumatda qeyd olunur.
“MILEX-2019” sərgisi mayın 15-dən 18-dək davam edəcək.*
R.Babayev