Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Brüsseldə Şərq Tərəfdaşlığı layihəsinin iştirakçı ölkələrinin XİN başçılarının görüşünün nəticələrini əks etdirən sənəddə Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməməsi ilə bağlı erməni mətbuatının yaydığı məlumatı təkzib edib.
“Bu məlumatlar tamamilə təxribat xarakteri daşıyır. Belə ki, xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş görüşü ilə bağlı yekun sənədin qəbul edilməsi, ümumiyyətlə, nəzərdə tutulmamışdı. Habelə Şərq Tərəfdaşlığının və Avropa İttifaqının bütün üzv dövlətləri, eləcə də Avropa institutlarının vahid sənədinin qəbul edilməsi ilə bağlı təklif irəli sürüldüyü zaman aparılmış müzakirələr prosedur xarakteri daşıyıb”, - deyə F.İsgəndərovun bu məsələlərlə bağlı şərhində qeyd olunur.
Onun sözlərinə görə, qəbul ediləcək sənədin yığcam, yoxsa əvvəlki sammitlərdə olduğu kimi geniş, əhatəli və bütün məqamlara diqqət yetirən bir sənəd olması ətrafında müzakirələr aparılıb.
“Bütün Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsi Azərbaycan, eləcə də Gürcüstan və Moldova tərəfindən birlikdə təklif edilib”, - deyə səfir bildirib.
F.İsgəndərov vurğulayıb ki, sənədi müəyyən qədər qısaltmaq məqsədilə Şərq Tərəfdaşlığı dövlətlərinin Avropa İttifaqının institutları, eləcə də Avropa İttifaqının üzv dövlətləri ilə müzakirələri zamanı əvvəlki sammitlərin sənədlərinə istinadlar olunması və bununla da sözügedən prinsiplərin sənəddə öz əksini tapması barədə razılıq əldə edilib.
Bundan başqa, diplomatın sözlərinə görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış “sədrin yekun qeydləri” adlı sənəddə bütün əvvəlki sammitlərə istinadlar yer alır. “Yuxarıda sadalanan faktlara baxmayaraq, Azərbaycanın “ərazi bütövlüyünün tanınmamasının” erməni mətbuatında canfəşanlıqla bayram edilməsi tamamilə gülünc bir məsələdir”, - deyə o sonda qeyd edib.*
F.İsazadə