Azərbaycan və Gürcüstan gələn həftə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının növbəti iclasını keçirəcək.
Azərbaycan XİN-in məlumatına görə, iclasın keçirilməsinə dair qərar çərşənbə axşamı Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya arasında görüş zamanı qəbul olunub.
“Görüşün nəticəsində iki dövlət arasında razılaşdırılmamış sahələr üzrə müzakirələrin Dövlət Komissiyalarının gələn həftə keçiriləcək növbəti iclasında davam etdirilməsi qərara alınıb”, - XİN-in məlumatında vurğulanır.
Qeyd olunur ki, indiyədək dövlət komissiyaları 11 iclas keçirib. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan Gürcüstan dövlət sərhədinin 314 km-nin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib.
“Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir”, - məlumatda deyilir.
Bildirilir ki, Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər.
“Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil oldu. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan etdi”, - XİN-dən qeyd edilir.
“Gözləntimiz ondan ibarətdir ki, Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası qısa müddət ərzində yekunlaşdırılacaq" – məlumatda vurğulanır. **
F.İsazadə