“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində (İB) çərşənbə axşamı iki yeni yığım xəttinin açılışı olub, “E-321” markalı elektrobus və “PALESSE KZS-575” markalı taxılyığan kombayn konveyerdən çıxıb. Bu barədə zavoddan məlumat verilir.
“83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub”, - məlumatda deyilir.
Bundan başqa, “Belkommunmaş” ASC tərəfindən hazırlanan “E-321” markalı elektrobus 60 kilometr/saat sürətlə hərəkət edir. Elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur.
“Hazırda “E-321” markalı elektrobuslar Minsk şəhərinin küçələrində uğurla istifadə olunur. Perspektivdə “Gəncə Avtomobil Zavodu”nda həmin elektrobusların ehtiyat hissələrinin 30-40%-nin istehsalı planlaşdırılır”, - məlumatda “Gəncə Avtomobil Zavodu”nun Müşahidə Şurasının sədri Xanlar Fətiyevin sözlərindən sitat gətirilir.
Həmçinin qeyd olunur ki, PALESSE KZS-575” markalı taxılyığan kombaynın mühərriki isə 114/155 at gücündədir. Kombaynların hərəkət sürəti 20 kilometr saatdır. Taxıl döyümü sistemində üyüdən aparatın tipi barabanlı, barabanın firlanma tezliyi isə 510-875 dövr/dəqiqədir.
“Əgər sifariş olarsa, “Gəncə Avtomobil Zavodu” il ərzində 150 elektrobus və 120 kombayn yığmaq gücünə malikdir”, - məlumatda vurğulanır.
Gəncə avtomobil zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir. **
N.Abbasova