Azərbaycanda 2 mart 2018-ci il tarixində Narkoloji Mərkəzdə 25 nəfərin ölümü ilə nəticələnən baş vermiş yanğınla bağlı cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
“Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində yanğən törətməkdə ittiham olunan Məhəmməd Məmmədova ömürlük həbs cəzası verilib”, - “İnterfaks-Azərbaycan”a məhkəmədən bildiriblər.
Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
M.Məmmədovun həkimi, şöbə müdiri Afət Məmmədovaya şərti cəza verilib.
2018-ci il mart ayının 2-də 06:10 radələrində Respublika Narkoloji Mərkəzinin birmərtəbəli taxta konstruksiyalı korpusunda yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər ölüb, 34 nəfər təxliyyə olunub, 4 nəfər xəstəxanaya yerləşdirilib. Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov cinayətdə şübhəli şəxs qismində tutulub. O, Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəlib. Martın 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk edib.
AR Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə cinayət işi başlanıb. **
R.Babayev