2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 mlrd. 540 mln. 538,16 min təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 3,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $11 mlrd. 639 mln. 381,32 min (2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 34,1% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $7 mlrd. 89 mln. 959,74 min (artım 25,4%), idxalın həcmi $4 mlrd. 549 mln. 421,58 min (artım 50,3%) təşkil edib.
İxracın strukturunda 80,1% neftin, 2,52% neft məhsullarının, 9% təbii qazın, 0,64% elektrik enerjisinin, 2,1% meyvə-tərəvəz məhsullarının, 0,04% çayın, 0,08% bitki və heyvan mənşəli yağların, 0,06% qəndin, 0,13% spirtli və spirtsiz məhsulların, 0,34% kimya məhsullarının, 0,88% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,82% pambıq, 0,13% pambıq ipliyin, 0,26% qara metal və ondan hazırlanan məmulatların, 0,45% alüminium və ondan hazırlanan məmulatların, 2,45% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 11,65% ərzaq məhsullarının, 0,68% tütün və tütün məhsullarının, 1,88% əczaçılıq məhsullarının, 0,87% gübrələrin, 2,46% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 1,85% odun və agac məhsullarının, 1,65% geyim və geyim aksessuarları, 6,97% qara metal və ondan hazırlanan məmulatların, 18,58% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 7,8% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,67% mebelin, 44,94% digər məhsulların payına düşüb.
Yanvar-aprel aylarında xarici ticarət əməliyyatlarında 5,511 min özəl və dövlət müəssisəsi və 9,324 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 161 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-aprel aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 29,82%-i), Türkiyə (10,68%), Çin (7,8%), İsrail (6,32%), Almaniya (5,32%), İspaniya (5,06%) və Hindistan (4,67%), əsas idxal əməliyyatlarını isə İsveçrə (16,25%), Rusiya (14,52%), Türkiyə (9,69%), Çin (8,33%), İran (5,27%), Almaniya (4,59%), ABŞ (4,25%) və Ukrayna (3,12%) ilə həyata keçirib.*
N.Abbasova