Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin yanvar-aprel ayları ərzində 1,23 mln. sərnişinə xidmət göstərib. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
Xəbər verildiyi kimi, Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin yanvar-aprel aylarında 1 mln. 239 min sərnişinə xidmət göstərib. Beləliklə, cari ilin hesabat dövründə sərnişin daşımalarının həcmi 0,7% azalıb.
“2019-cu ilin yanvar-aprel aylarında aeroportun baza aviadaşıyıcıları - AZAL və "Buta Airways" müvafiq olaraq 511 min və 130 min 500 sərnişin daşıyıb”, - deyə məlumatda bildirilir.
Yanvar-aprel aylarında beynəlxalq reyslərlə ümumilikdə 1,06 mln. sərnişin daşınıb.Beynəlxalq reyslərin ümumi sayının 32,3 faizi AZAL-ın, 12,3 faizi "Buta Airways"in payına düşüb. Göstərilən müddətdə xarici aviaşirkətlərin payı 55,4 faiz təşkil edib.
“Hazırda 26 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Həmçinin "flyNas", "Kuwait Airways" və Türkiyənin loukosteri "Pegasus"un uçuşlarının bərpa edilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.
Ümumilikdə Azərbaycanın beynəlxalq hava limanları yanvar-aprel aylarında 1,45 mln. sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.*
N.Abbasova