Amerika tərəfi Ermənistanla Azərbaycan arasında yüksək səviyyədə əlaqələrdən sonra Qarabağ münaqişəsi zonasında gərginliyin azaldığını qeyd edir. Bunu çərşənbə günü ABŞ-ın İrəvandakı səfiri Lin Treysi deyib.
“Proses ruhlandırır, çünki Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında yüksək səviyyədə görüş nəticəsində təmas xəttində (Qarabağ münaqişəsi zonasında - İF) təcavüzün azaldığını və digər müsbət təkanlar müşahidə etmişik”, - L.Treysi bu gün İrəvanda jurnalistlərə bildirib.
Eyni zamanda, o qeyd edib ki, Ermənistan və Azərbaycan nümayəndələrinin Vaşinqtonda mümkün görüşünə dair məlumatı yoxdur.
Dünən Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bəyan edib ki, mayın sonunda ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həlli üzrə nazirlər səviyyəsində yeni görüşün təşkili məqsədilə regiona səfər edə bilərlər.
Onun sözlərinə görə, həmsədr ölkələrindən biri XİN başçıları səviyyəsində görüşün keçirilməsini təklif edib.
Azərbaycan və Ermənistan XİN başçılarının Qarabağ münaqişəsinin nizamlanmasına dair son görüşü aprel ayında Moskvada keçirilib. Öncə Məmmədyarov bəyan edib ki, ABŞ Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünü təşkil etməyə hazır olduğunu bildirib. **