“Xalq Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun (İSB) reyestrinə daxil edilib. Bu barədə İSB-nin məlumatında deyilir.
““Xalq Həyat Sığorta” ASC “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə xidmətlər göstərmək hüququ əldə edib”, - deyə məlumatda bildirilir.
Beləliklə, Büronun üzvü olan sığorta şirkətlərinin sayı 17-yə çatıb.
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir. Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir. Büro üzvlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə birdəfəlik depozitinin məbləği 100 min manat təşkil edir.
“Xalq Həyat Sığorta” ASC 2018-ci il noyabrın 23-də Vergilər Nazirliyində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 15 mln. manat, rəsmi təmsilçisi Roman Vəliyevdir.*
Ə.Məmmədov